top of page
Search

Min yaşlı insan

Oct 28, 2023
4 min read

Ən sevdiyim hekayəm...


Nə vaxtsa hər şeyin sonunun gələcəyini bilirdi. Onu əhatə etmiş, əhatə edən və nə vaxtsa əhatə edəcək hər şeyin. Ölümündən sonra dünyanın necə olacağı haqqında tez-tez düşünürdü. Ancaq onu da bilirdi ki, bunlar boş düşüncələrdən qeyri bir şey deyil. Çünki son gələndə o özü artıq həyatda olmayacaq.

Çox yorğun idi... Bu dünyadakı hər kəsdən daha yorğun... Axı onun min yaşı var idi.

Ömrünün böyük bir hissəsini həmin anı gözləməklə yaşamışdı. Bu qədər övlad və doğma ölümünü görən lənətə qalmış gözlərini bağlayacağı anı.

Nə zaman doğulmuşdu, ata-anası kim idi, bacı-qardaşları var idimi? anasının kim olduqları, bacı və qardaşları yadında deyildi. Uşaqlığı ilə bağlı yalnız bir səhnə yaddaşında həkk olunmuşdu. Yaşlı qarının adamın içini deşən baxışları ilə onu süzərək dediyi kəlmə, sanki beyninin qırışlarına qazınmışdı. Bütün həyatı boyu onu xatırlamadığı bir günü belə olmamışdı. Bu dünyada onun əslində kim olduğunu bilən yeganə insanın o qoca qarı olduğuna əmin idi. Yeganə xatirəsində isə, həmin qarı cizgilərini heç cürə seçə bilmədiyi, bulanıq siluetləri olan kişi və qadına üzünü çevirərək xırıltılı səslə pıçıldayırdı:, - “Oğlunuz on əsr, düz min il yaşayacaq. Bu, Allahın həm lütfü, həm də lənətidir. Öldüyü gün hər şeyin sonu başlayacaq”. Bu xatirədən qabaq və sonra isə hər şey illərin qatılaşmış layları arasında bir-i-birinə qarışmış horranı xatırladırdı.

Ölümünü elə arzulayırdı ki... Dağılıb-tökülən bədənindən ruhunun azadlığa çıxacağı günü hər şeydən çox gözləyirdi.

Bu gün fərqli gün idi. Bu gün qocanın canında indiyə kimi hiss etmədiyi yad ağrı var idi. Boğazının yolu sanki tıxanmışdı. Nəfəs alıb-vermək get gedə çətinləşirdi. Üstəlik başı ağrıyır, sinəsi yanırdı.

- Bəlkə, bu gün, nəhayət, ölə bildim – acı-acı gülərək titrəyən əlini uzatdı, siqaret qutusunun üstünə qoyub özünə tərəf sürüdü.

Əli əsə-əsə birini yandırıb tüstünü içinə çəkdi. Gözünü qıyıb fikrə getdi.

Görəsən, həyat ondan sonra necə olacaq? Görəsən o qarı bu sualın da cavabını bilirdimi? Allah bilir! Bəli, min yaşlı qoca Allaha inanırdı. Elə güclü inanırdı ki, bəzən özünə belə bunun səbəbini izah etməkdə çətinlik çəkirdi. Sonsuz kainat kimi ideal bir nizamın öz-özünə yaranmadığına əmin idi. Allahın bu ideal nizamında özünün hansı rol oynadığını anlamaqda isə çətinlik çəkirdi. Kim, yaxud nə olduğunu bilmirdi.

Gözünü qıyıb siqaretindən dərin qullab vuranda qəfildən onu elə güclü öskürək tutdu ki, sanki sinəsi ortadan ikiyə parçalanacaqdı.

Nəfəs almaq daha çətin, baş ağrısı və sinəsindəki hərarət get-gedə daha dözülməz olurdu.

İsti duşun altında dayanıb gözlərini yumdu. Su onun çoxsaylı çapıqlarla örtülmüş dərisi ilə süzülürdü.

Uzun illər ərzində bu bədən çox şeyin şahidi olub. Sonsuz sayda müharibələr, inqilablar, döyüşlər görüb. Bu bədəndə nə qədər qılınc-nizə yaraları tikilib, ondan nə qədər güllə, mərmi qəlpələri çıxarılıb. Hər sümük bəlkə dəfələrlə sınıb bitişib. Qoca sanki illərlə ölümünü gəzib. Bunun hesabını isə vücudu ödəyib.

Güclə əynini geyinib masanın arxasına keçdi. Növbəti siqaretini alışdırıb başını arxaya əydi. Gözləri qapanan kimi beynində müxtəlif parçalar canlanırdı. Yaddaşın və ya şüurun dərin qatlarından qabaran bu xatirə kəsikləri çox zaman nəzarətdə çıxırdı. Yuxuları da eynən belə idi. Bu səbəbdən də demək olar ki, yarım saatdan bir oyanırdı. Biri-digərini əvəzləyən gah gülən, gah ağlayan, gah dayanmadan ona bağıran, gah da sadəcə susaraq üzünə baxan tamamilə yad kişi, qadın və uşaqlar bir-birini elə tez-tez əvəz edirdilər ki, buna tab gətirə bilmədən beyni qəfil onu ayıldırdı. Özünə gəlməyi də az çəkmirdi. Başını qatlanmış dizlərinin üstünə qoyaraq var gücü ilə heç nə düşünməməyə çalışırdı. Sakitləşəndə yenə yuxuya təslim olur, bir az sonra hər şey yenidən təkrarlanırdı.

Qoca bir anlıq həmin qızmar günortanı xatırladı. O avqust günündə arvadını basdırırdı. Meyitin üstündə qaynaşan milçəklər sanki onu yerdən qoparıb aparmaq istəyirdilər. Daha sonra yağışlı gün yaddaşında canlandı. Birinci dəfə idi ki, övlad basdırırdı. Sonuncu xatirədə isə küləkli bir gün idi. Qız nəvəsinin dəfn günü. Uşağı o tək basdırırdı. Vəba bütün kəndi qırmışdı. Üfunətdən dayanmaq olmurdu. Amma nəvəsi təmiz idi. Ömründə gördüyü ən təmiz ölü nəvəsi idi.

Gicgahları çəkic kimi vururdu. Sanki damarları ətini deşib çölə çıxacaqdılar. Gözlərini astaca açdı. Otağın başına fırlandığını gördü. Yerindən qalxmaq istədi, ancaq bacarmadı.

- Deyəsən, ölürəm, - səssizliyə dedi.

Son nəfəsi ağzından çıxdı. Min il yaşayan qoca öldü. Bu qədər il yaşamış yorğun bədəni ondan daha yorğun ruh tərk edirdi.

Göyün gurultusu eşidildi. Səmanın bağrı sanki parça-parça olacaqdı. Leysan başladı. Düz yüz il kəsmədən yağacaq leysan. Düz yüz il göyün suları yerin hər qayasını, hər daşını insan günahlarından yuyana kimi yağacaqdı bu yağış.

Çaylar, göllər, dənizlər dolub daşacaq və hər gün yeni-yeni şəhərləri basıb yuyacaq, arındıracaqlar. Müharibələr başlayacaq, bütün dünya silahları istifadə olunacaq. Ancaq cəmi bir neçə il sonra daha nə vuruşacaq insan nə də silah qalacaq. Cəmiyyətin bütün sütunları çökəcək, irqlər, millətlər, sərhədlər yox olacaq.

Min yaşlı qocanın son nəfəsini verdiyi andan düz yüz il sonra yağış kəsəcək.

Dünya yavaş-yavaş özünə gəlməyə başlayacaq. Yalnız indi sağ qalmış çox az sayda insan yeni dünyanı öyrənməyə başlayacaq. Bu yağışsız dünya onlara yad olacaq. Bu dünya illər öncə yaşamış ulu baba və nənələrinin danışdıqları köhnə dünyaya bənzəyəcək.

Ancaq heç kəs heç vaxt bilməyəcək ki, əslində min il yaşamış insanın ölümü yeni bir dünyanın, daha təmiz və gözəl dünyanın yaranmasına təkan verib. Köhnəni məhv edən su yeniyə, daha gözələ və qüsursuza həyat bəxş edib.

Hər şey yenə əvvəlki kimi olmağa başlayacaq. İnsanlar yavaş-yavaş ayağa qalxacaqlar, sayları artacaq, yeni yaşayış məntəqələri, kəndlər, qəsəbə və şəhərlər salacaqlar. Yenidən ölkələrə ayrılacaq və yeni sərhədlər təyin edəcəklər. Onlar yenə sevəcək, dalaşacaq, öləcək və öldürəcəklər.

Günlərin bir günü isə adi körpə dünyaya gələcək. Böyüyüb düz min il yaşayacaq. Çətin və ağrılı həyatının mininci ilinin tamamında isə yorğun gözlərini düz yüz il dayanmadan yağacaq yağışın ilk damlalarına bağlayacaq. Bu yağış sonun başlanğıcı olmaqla yanaşı, yaranacaq yeni dünyanın toxumunu cücərdəcək...

 
 
 

Recent Posts

See All

Comments


Hide and Seek
bottom of page